Ahmed Agdamski.jpg

Bugün Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri, səhnəmizdə qadın aktrisalarının olmadığı dövrdə səhnəyə çıxıb qadın rollarını mahir şəkildə ifadə edən böyük sənətkar – Əhməd Ağdamski haqqında danışacıq.

Əhməd Bədəlbəyli 1884-cü il 5 yanvar tarixində Şuşa şəhərində anadan olub. Məşhur Bədəlbəyli nəslindən olan Əhməd bəy eyni zamanda dahi bəstəkarımız Üzeyir Hacıbəyovun doğma xalası oğludur. Ölkəmizdə cahilliyin hökm sürdüyü dövrdə Üzeyir bəy məşhur operası “Leyli və Məcnun” operasında Leyli rolunu oynamaq üçün aktyor axtarışında idi. Cahillik səbəbilə həmin dövr qadınların teatrda görsənməsi mümkün deyildi. Buna görə Leyli rolunu məcbur bir kişi ifa etməli idi. Tariximizdə ilk Leyli rolunu – Əbdürrəhman Fərəcov ifa etmişdir. Amma bir qadın rolunu canlandırmaq istəməyən Əbdürrəhman Fərəcov ikinci tamaşa zamanı Leyli rolunu oynamaqdan imtina edib. Və Üzeyir Hacıbəyov Leyli rolu üçün yeni aktyor axtarışına keçir. Bu aktyor isə – Əhməd Ağdamski olur. Həmin vaxt Əhməd bəy “Realnı” məktəbində təhsil alırmış. Ancaq tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Belə bir icazə alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Ancaq Əhməd Bədəlbəyli ictimai qınaqdan çəkindiyi üçün və təhqirlərə məruz qalmamaq üçün tanınmasın deyə adını “Miri” yazdırır.  Dövrün qəzetlərində Leyli rolunu ifa eləyən şəxs kimi “Miri” adlı birini göstərirlər. Bir qadın rolunu ifa etmək hər bir kişi üçün çətin olduğu kimi Əhməd Ağdamskiyə də çətin idi. O, bunu öz sözləri ilə də təsdiq edir: “ Mən ilk dəfə səhnəyə çıxdığım zaman çox həyəcan keçirdim. Görəsən, tamaşaçılar məni necə qarşılayacaq. Sənət dostlarımı, xüsusilə, Üzeyiri ifam ilə razı sala biləcəyəmmi? Beləliklə, “Leyli və Məcnun”un ikinci tamaşasına ciddi hazırlığa başladıq. Mən Leyli rolunun ifaçısı Hüseynqulu Sarabski ilə ayrılıqda məşq edirdim. Əvvəllər Leyli rolunun kişi tərəfindən oynanılması mənə çox çətin gəlirdi. Bu halı Hüseynqulu da yaxşı qəbul edə bilmirdi. Çünki o əsərin məzmununa uyğun olaraq öz məhəbbətini Leyliyə çatdırmalı idi. İndi isə tərəf-müqabili kişi olacaqdı”.  Bu barədə əfsanəvi aktyorumuz Hüseynqulu Sarabski “Bir aktyorun xatirəsi” kitabında yazırdı ki, mən Əhmədlə səhnədə olarkən çalışırdım ki, ona az baxım və ya heç baxmayım, üzümü tamaşaçılara tutum. Ancaq bütün bu çətinliklərə baxmayaraq izləyicilər Əhməd Ağdamskinin ifasını bəyənirlər. İlk vaxtlarda adını gizlədən Əhməd bəyin kimliyi haqda hamı böyük maraq içərisində idi. Ancaq sonradan Əhməd Bədəlbəyli “Ağdamski” familyasını götürərək şəxsiyyətini açır. Aktyorumuzun Leyli rolunu ifası çox təqdir alır.  1915-ci il 116 saylı “Kaspi” qəzetində yazılır: “Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar”. Bu opera digər ölkələrdə də tamaşaya qoyulur. 1914-cü ildə Tfilisidə baş tutan oyundan sonra gürcü rəsmiləri aktyorları səhnə arxasında təbrik edərkən Əhməd Ağdamskini xanım zənn edib, ona gül buketi təqdim etmişdilər.

Ağdamski “Leyli” rolunu ifa edərkən.

Onun çıxışı Üzeyir Hacıbəyovun xoşuna gəlir və sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir. Beləliklə o, inqilabdan əvvəlki Azərbaycan opera və musiqili komediya teatrı səhnələrində ilk dəfə qadın rollarının ifaçısı kimi tanınmışdır. Onun oynadığı qadın rollarının hamısı xarakter etibarilə bir-birindən fərqlənirdi. Bu obrazların hər birini tamam ayrı səpkidə oynayırdı. Tək oyun tərzi yox, hətta səsi də dəyişilirdi. O, düz 12 il səhnəyə qadın qiyafəsində, qadın geyimində çıxdı. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli, “Əsli və Kərəm”də Əsli, “O olmasın, bu olsun”da Gülnaz, “Arşın mal alan”da Gülçöhrə, “Ər və arvad”da Minnət, “Rüstəm və Söhrab”da Təhminə, “Şah Abbas və Xurşudbanu”da kəndli qızı və s. onun əsas rolları kimi opera tarixinə düşmüşdür. Hətta, o, 1917-ci ildə “Arşın mal alan” filminə çəkilib və Gülçöhrə rolunu canlandırıb. Xatirələrdən bəlli olur ki, Əhməd bəyin geniş diapazonlu tenor səsi olub. Elə təkcə onun oxuduğu musiqi parçalarına diqqət yetirsək, – o səsin gücü aşkar olar. Budur: “Kürdü-Şahnaz”, “Rast”, “Bayatı-Şiraz”, “Şur”, “Bayatı-Kürd”… kimi mürəkkəb muğamlar, Gülçöhrənin, Şahsənəmin ariyaları… Bütün bunlar müğənnidən nə qədər güclü səs tələb edir. Əhməd bəy Ağdamski muğamlarımızı dərindən bilir, ustalıqla oxuyurdu. Qadın rolunu ifa etməsi başına maraqlı işlərin başına gəlməsinə də səbəb olub. Bir dəfə xaricdə Leyli rolunu ifa etdikdən sonra onu qadın zənn edib qaçırmışlar, ancaq sonradan kişi olduğunu gördükdən sonra azad etmişdilər. Və artıq müəyyən dövr gəlib çatır, səhnəmizə qadın aktrisalar gəlməyə başlayır. Elə bu vaxt da Əhməd Ağdamski də ilk dəfə teatrda kişi rolunu ifadə edir. “Əsli və Kərəm” operasında Kərəm rolunu ifadə etməsi böyük maraqla qarşılanır.

Əhməd bəy Ağdamski 20-ci illərin əvvəllərində doğma Qarabağa qayıdır. Ağdamda yaşamağa başlayır. Çox keçmir ki, burada teatr truppası (1923) yaradır, bir çox tamaşaların rejissoru olur, musiqili əsərlərlə yanaşı dram əsərlərində də bir müğənni-aktyor kimi çıxış edir. 1934-cü ildən başlayaraq ömrünün sonunadək, yəni 1954-cü il aprel ayının 1-nə kimi Əhməd Ağdamski pedaqoji fəaliyyətlə məşğul olur. Sonra o, mehrini daha çox tara salır. Əhməd Ağdamski 1934-cü ildən Ağdaşa köçür. O , Ağdaş rayonununda Üzeyir Hacıbəyovunda dəstəyi ilə musiqi məktəbi açır. Həmin məktəbda tar müəlliməsi kimi çalışan Ağdamskinin məşhur tələbələri olur. Elə bunlardan biri də Habil Əliyev olur. O, rayona gəldiyi gündən Ə. Ağdamski kaman ustası, gözəl musiqiçi Habil Əliyevgilin evində kirayənişin qalmışdır. Habil Əliyevin musiqiyə gəlişində, müşayiətçi kimi yetişməsində də Əhməd müəllimin faydalı məsləhətləri və tövsiyələri çox böyük rol oynamışdır. Əhməd Ağdamski 1954-cü il 1 aprel tarixində Ağdaş rayonunda vəfat edir. Onun kimi böyük sənətkarlar heç vaxt unudulmur və unudulmayacaqdır.

Advertisements