aaaaa
Biraz uzun yazıdır. Ancaq Əliağa Vahidin həyatını balaca bir mətnə sığdırmaq çox çətindir.

Ütüsüz, qalstuksuz geyim-keçimdə, daim xalqın içində Əliağa İsgəndərov 1895-ci il 18 fevralda Bakıda dünyaya göz açır. Qəzəlxan ləqəbi də verilmiş Əliağa, ehtiyac üzündən 2 il yarım mədrəsə təhsili alır.Əliağa Vahid özü yazır: “Atam Məmmədqulu dülgər olub. Özüm mollaxanada az təhsil almışam. Ehtiyac üzündən təhsilimi buraxıb tütün fabrikində çilingər şagirdi işləmişəm.Daha sonra atamın sənətini seçib, dülgərlikdə qabil ustalar cərgəsinə çıxdım”. Əliağa tez-tez şeir məclislərinə gedir, dahi şairlarin şeirləri ilə tanış olurdu. O, əsasən  “Məcməüş-şüara”da (Şairlər məclisi) kı, Əbdül Xaliqin şeir gecələrinə gedirdi. Bura cavan şairlər yığışıb, bədahətən onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Vahid öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əliağaya “sən təbinlə Vahidsən” deyib Vahid ləqəbini ona verir. Əliağa Vahidin ilk şeiri isə 1914-cü ildə çap olunur. Əliağa Vahidə “Əməkdar incəsənət xadimi” adını Mircəfər Bağırov, ilk dövlət mükafatını isə Nəriman Nərimanov verib. Dahi Sabirin yubileyində gənc Əliağa “Biz verərik şairə qiymət ölümündən sonra” adlı yarımsaatlıq böyük qəzəl deyir. Nərimanovun diqqətini cəlb edir və tapşırır ki, əyin-başı pis olan bu oğlana bir dəst kostyum, 12 cüt corab, 1 botinka, 1 tufli versinlər. Məşhur qəzəlxan bu yubileydən, hətta inqilabdan əvvəl bir dəfə Y.V.Çəmənzəminli ilə birgə Sabirin qəbrini xeyli axtarıb, böyük çətinlikdən sonra uçuq qəbrini tapmışdı.

Əliağa Vahid çətin həyat tərzi yaşayırdı. Çətinliklə dolanan Vahid, pul qazanmaq üçün meyxana da deyirdi. Meyxananı da ilk dəfə yazılı ədəbiyyata məhz Əliağa Vahid gətirib. Vahid ticarətlə də məşğul olub. 1919 –cu ildə Məşhədə gedir. Həm ziyarət, həm ticarət. Oradan böyük əmisi Hacı Abbasqulu ilə İran xalıları gətirib, Bakıda satarlarmış. Döşəməsi torpaqdan olan yarımzirzəmi mənzildə yaşayan Qəzəlxan, Mircəfər Bağırova pis yaşayışı ilə əlaqadər şeir yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib. Ona 1963-cü ildə Dağlı məhləsində bina evində yenidən ikiotaqlı ev verdilər. Buranı xanımı istəmişdi, çünki öz qohumlarından uzaq düşmüşdü. Hazırda bu evdə onun oğlu Ramiz yaşayır. Əliağa Vahid həmin evi təmir etdirsə də, özü rus qadın Fenya ilə yaşayırdı. Öz ailəsinə təqaüdündən cəmi 40 manat ayıra bilirdi.

Vahidin Bağırova yazdığı şeir:

Evimi görsə naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.
Divarda ağcaqanadlar, yer üstə taxtabiti,
Hücuma bax gecələr, gör nə hökmranlıqdır.
Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.
Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ dumanlıqdır.
Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,
Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

Qəzəlxan ilə məşhur rus şairi Sergey Yesenin yaxın dost olublar. Onların tanışlıq əhvalatı da maraqlıdır. Yesenin bir gün Bakıda səyahətdə olarkən, meyxanələrin birində oturur. Həmin gecə də orada qəzəllər oxunurmuş. Yesenin, əlbəttə ki, sözləri başa düşmürdü, amma müğənninin səsi və melodiya onu valeh etmişdi. Mahnıda tez-tez hansısa Vahidin adı çəkilirdi və Yesenin diqqət etdi ki, bu ad çəkiləndə hamı otağın küncündə əyləşmiş qısaboylu, arıq, qarabuğdayı – onun üzünün rəngi başındakı açıq-qəhvəyi papağın rəngindən fərqlənmirdi – əynində köhnə paltar olan şəxsə tərəf boylanır və “Sağ ol, Vahid!” deyirdi. Ofisiantdan Vahidin kim olduğunu soruşan Yesenin, həmin gündən Qəzəlxan ilə yaxın dost olur. Əliağa Vahid rus dilində çətinliklə danışsa da, bu iki böyük xalq şairi arasında böyük dostluq yaranır. Vahid qonağı Yeseninə qafqazsayağı qonaqpərvərlik göstərmək istəmişdir, lakin buna pulu çatmırmış. Əliağa vacib işlə bağlı “Kommunist” qəzetinin redaksiyasına getməli olduğunu dostuna deyərək, dostundan onu bir qədər gözləməyi xahiş etdi. Bu “vacib iş”, əslində, dostu, tanınmış dramaturq Cəfər Cabbarlıdan bir az borc götürmək idi. C.Cabbarlı çox əliaçıq insan idi və heç vaxt Əliağanı əliboş qaytarmırdı.

Əliağa Vahidi içki içən kimi tanıyırıq. Ancaq oğlu Ramiz İsgəndərov deyir ki: Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Atamın da adı orda olub. Mircəfər Bağırov atamın adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək”. Ələkbər Şahid deyir ki: “Beşmərtəbənin altında adama bir stəkan pivə içdik. Sonra yola çıxdıq. O vaxt satqınları, işverənləri tanıyırdıq. Bir də gördüm ki, Vahid özünü qoydu sərxoşluğa. Mən məəttəl qaldım ki, buna nə oldu? Dedi görmürdün satqını küçənin o biri tərəfindən gəlirdi?! İndi gedib deyəcək ki, Vahidi gördüm yıxılırdı. Lap yaxşı oldu”. Vahidə deyəndə ki, sən içdiyin üçün yaxşı yazırsan, deyirdi onda gərək bütün Rusiya şair olsun.

Biz Vahidə Füzulinin yadigarı deyirik. Çünki Füzulidən sonra ki, ən gözəl qəzəl ustası kimi onu görürük.  O, öz qəzəllərindən birində yazır:

Deyirəm əhli-qələm, Vahid, əfv edərsə məni,
Böyük Füzulimizin yadigarı mən özüməm.

Vahid özü isə öz böyüklüyünün fərqində deyildi. Amma bilirdi ki, istedadı ad-san verilənlərdən qat-qat böyükdür. Olduqca güclü hafizəsi Vahidə sinə-dəftər olmaq imkanı qazandırmışdı. Ölən günə qədər də bütün şeirlərini ərəb qrafikası ilə yazdı. Lakin ona qəti şəkildə savadsız demək olmazdı. O, fitri istedad idi. Vahid elə əzəldən yaraşığı ilə seçilməyən adam idi. Amma onun çirkinliyi sözə başlayanda itirdi. O, yaş müdrikliyini qəbul etmir. Xalq artisti Əlibaba Məmmədov bu suallara belə cavab verir: “Ömrümdə xalq tərəfindən sevilən ikinci belə şair görməmişəm. Baxmayın ki, o birilərinin sinəsi orden-medalla doluydu, amma onun qiymətini xalq verirdi. Bir dəfə mənimlə “Passaj bazarı”na girdi. Camaat zənbilini doldururdu, taksinin pulunu verib onu evinə yola salırdılar. Bunu heç bir şairə eləməyiblər”.

 

Əliağa Vahidin dəlixanada yatdığı da sirr deyil. Amma bunun səbəbini çoxları başqa cür desə də, əsl həqiqətləri şahidlər bilir. Əlibaba Məmmədov deyir: “Onun dəlixanada yatmağına şair Füzuli səbəb olub. Füzulinin 60 qəzəlini Vahidə verdilər ki, tərcümə eləsin. Bir professor da ona təhkim etmişdilər. Bir gün eşitdim ki, Vahid “Semaşko”da yatır. Gedib onunla görüşdük. Başladı dizinə döyməyə ki, “Allah bu Füzulinin evini yıxsın, məni xəstəxanaya saldı”. Vahid Füzulini elə tərcümə edirdi ki, özü olurdu Füzuli. Bu hər tərcüməçinin işi deyil. Həmid Araslıdan belə çoxları Füzulinin qəzəllərini tərcümə edib, amma Vahidin tərcümələri tamam başqadır”.

Uzun illər subay yaşayan Əliağa Vahid iki dəfə ailə həyatı qurub.  Əliağa Vahid 52 yaşında xəstə olarkən ona iynə vuran tibb bacısını bəyənir və tezliklə onunla evlənir. Qəzəlxan qızdan 25 yaş böyük olur. Bu xanımdan Vahidin oğlu Ramiz, qızı Firəngiz dünyaya gəlir. Dünyasını dəyişəndə Vahidin oğlunun 15, Firəngizin isə 10 yaşı vardı. Vahidin ilk xanımı ilə yalnız dini kəbini olub. Vahid xanımından dövlət kəbini kəsdirməyi istəyib. Ancaq xanımı deyirmiş ki, mən cavana ərə gedəcəm. Sonradan Vahid Polina adlı başqa bir rus qızı ilə də evli olub. O, Əliağanın paltaryuyanı olub. Onu da deyək ki, Vahid gözəllik, sevgi şairidir. O, həmişə Qubernator bağında (indiki Filarmoniya bağı) gəzəndə əlində ya qızılgül, ya da novruzgülü olarmış. Qızlgül gözəllik, novruzgülü incəlik rəmzidir. Yəqin ki, Vahid də o gözəlliyi, incəliyi xanımlara bənzədirmiş.

Oğlu Ramiz İsgəndərov deyir: “Həkimi Veysov dedi ki, Vahidin ömrünə az qalıb. Son dəfə 120 rubl təqaüdünü mənə verdi ki, yarısını Fenyaya ver, yarısını özünüz götürün. Sonra getdi Mərdəkan sanatoriyasına. Bərk sancıları tutdu. Həyat yoldaşı ilə sonuncu dəfə 1965-ci il sentyabrın 29-da görüşdü. Ona qulluq edən tibb bacısı iynəsini gec vurduğu üçün, həmin gecə ağrılara dözməyən şair 1 oktyabr 1965-ci il Bakıda dünyasını dəyişir.

Əliağa Vahidin dünyasını dəyişməsi onu sevənləri çox sarsıtmışdı. O, böyük xalq məhəbbəti qazansa da, xalq şairi fəxri adını almadığı üçün dövlət rəsmiləri onun Fəxri Xiyabanda dəfn edilməsinə icazə vermək istəmirdilər. Amma xalq o zamankı rəhbərliyi qərarlarını dəyişməyə məcbur edə bildi. Yazıçı Salam Qədirzadə ölkə rəhbərliyini xalqın kəskin etirazlarından xəbərdar etdi. Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi olan Vəli Axundov özü Bakıda olmadan xalqın bu qərarını rəsmi şəkildə təsdiqləməli oldu. Azərbaycan xalqı Vahidin tabutunu Yazıçılar İttifaqından Fəxri Xiyabana qədər piyada gətirib, burada dəfn etdilər.

Əliağa Vahiddən nə əvvəl, nə də ondan sonra heç bir şair bu cür dəfn edilməyib.

 

Advertisements